loader image

Dia.edu.az

Azərbaycanın innovativ dövlət idarəçiliyi sahəsində əldə etdiyi uğurları Beynəlxalq Forumun gündəliyində

https://gaidarforum.ru/

Yanvarın 14-də Moskvada ənənəvi Qaydar Forumu işə başlayıb. “Rus Davos”u kimi səciyyələndirilən toplantıda hər il olduğu kimi dünyanın müxtəlif ölkələrindən nüfuzlu ekspertlər, dövlət qurumlarının təmsilçiləri, ictimai və siyasi xadimlər iştirak ediblər. “Rusiya və dünya pandemiyadan sonra” başlığı altında keçirilən Forum çərçivəsində “Postsovet məkanı ölklərində dövlət idarəçiliyinin təkamülü” informasiya-analitik hesabatının təqdimatı baş tutub. Təqdimata o cümlədən hazırda Avropa İttifaqı üzvü olan bütün postsovet ölkələrinin aparıcı idarəçilik məktəblərinin rəhbərləri qatılıblar. Sözügedən ölkələrdə dövlət idarəçilik sisteminin və bütövlükdə dövlətlərin davamlı inkişafı və inklüziv cəmiyyətin formalaşdırılması müqayisəli təhlillər əsasında müzakirə edilib.

Onlayn keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu, ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycan Respublikasının qazandığı nailiyyətlərə diqqət çəkib. Rektor Prezident İlham Əliyev tərəfindən işlənmiş və tətbiq edilmiş sinergetik, komplementar və kompensasion prinsip və yanaşmalar kompleksini ehtiva edən yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə cevrilməsinə yol açdığını xüsusi vurğulayıb. Bildirib ki, hazırda qlobal prioritet olan inklüziv inkişaf beynəlxalq qurumlar tərəfindən 12 iqtisadi, sosial, ekoloji, demoqrafik göstərici əsasında dəyərləndirilir və ölkələrdəki dinamik dəyişikliklərin geniş spektrini dolğun şəkildə xarakterizə edir. Dünya İqtisadi Forumunun hesabatına əsasən, inklüziv inkişaf indeksinə görə Azərbaycan Respublikası postsovet ölkələri arasında Litva və Estoniyadan sonra üçüncü yeri tutur.

Akademik U.Ələkbərovun qeyd etdiyinə görə, eyni zamanda Davos Forumu Azərbaycanı davamlı inkişaf edən inklüziv cəmiyyətin qurulması naminə dünyada resurslardan ən səmərəli istifadə edən ölkə olaraq müəyyənləşdirib. Natiq Dünya Bankı və Dünya İqtisadi Forumunun bilgilərinə əsasən ölkənin inklüziv inkişaf indeksinin ABŞ, Yaponiya, İsrail, İtaliya, İspaniya. Yunanıstan, Portuqaliya və digər iqtisadi imkanları Azərbaycanınkından bəz hallarda hətta dəfələrlə yüksək olan dövlətlərdən üstün olduğunu diqqətə çatdırıb. Bu durumun çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda aparılan uğurlu sosial siyasətlə bağlılığını qeyd edən akademik Davos Forumunun Prezidenti, professor Klaus Şvabın  dünyanın 146 ölkəsində iqtisadi imkanlar və sosial siyasətlə əlaqədar hesabatından bəhs edib. Qeyd edilib ki, ABŞ, Almaniya, Danimarka, Braziliya, Cənubi Afrika, Vyetnam kimi ölkələrin nailiyyətlərinin müqayisə edildiyi həmin hesabatda Azərbaycan iqtisadi imkanlarından sosial problemlərin həlli və inklüziv cəmiyyətin formalaşdırılması naminə ən səmərəli istifadə edən nümunəvi ölkə kimi təqdim olunub. Həmin hesabata görə, Azərbaycanın reytinqi +23-dür və bu, dünyada ən yaxşı göstəricidir. Akademik Urxan Ələkbərov həmin indikatora əsasən ikinci yerdə +13 göstərici ilə Cex Respublikasının qərarlaşdığını bildirib. Rektor həmçinin Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin azad edilməsində təzahürünü tapdığını da xüsusi vurğulayıb. U.Ələkbərov bu Zəfərin cəmi 44 günə başa gəlməsi və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını ölkə Prezidentinin innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.