Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının müəllifi kimi” mövzusunda doktorant və gənc tədqiqatçıların Respublika elmi-praktiki konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov böyük siyasi iradə, dərin dövlətçilik təfəkkürü və uzaqgörən liderlik keyfiyyətləri ilə seçilən Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında geniş məzmunlu nitq söylədi. Rektor qeyd etdi ki, məhz Ulu Öndərin birbaşa rəhbərliyi və şəxsi nəzarəti altında hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin inkişaf trayektoriyasını müəyyən edən strateji yol xəritəsi olmuş, müstəqil dövlət quruculuğunun hüquqi, demokratik və dünyəvi təməlini formalaşdırmışdır. Akademik Urxan Ələkbərov, çıxışının davamında, bu gün Azərbaycanın sürətli və davamlı inkişaf yolunda inamla irəliləyərək qlobal miqyasda nüfuz qazanan aparıcı ölkələr sırasına daxil olmasının əsas səbəblərindən birinin məhz Ümummilli lider Heydər Əliyevin siyasi irsi, onun əsasında qurulan innovativ dövlət idarəçilik modeli və bu siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi olduğunu diqqətə çatdırdı. O bildirdi ki, bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionda sabitlik və inkişaf nümunəsinə çevrilmişdir. İqtisadi islahatlar, sosial rifahın yüksəldilməsi, infrastruktur layihələrinin genişləndirilməsi və beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi dövlət başçısının strateji yanaşmasının əsas istiqamətlərindəndir. Eyni zamanda, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılaraq, Böyük Qayıdış konsepsiyası uğurla həyata keçirilir. Bütün bunlar isə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ölkənin qarşısında duran strateji hədəflərə doğru inamla irəliləməsinin göstəriciləridir.
Daha sonra çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev konfrans iştirakçılarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi adından salamlayaraq konfransa dəvət edildiyinə görə öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası insan hüquq və azadlıqlarının təminatı, hüququn aliliyinin qorunması, vətəndaş cəmiyyətinin formalaşması və beynəlxalq cəmiyyətə inteqrasiyada əsas baza kimi çıxış edir. O, bu baxımdan Konstitusiyanın xüsusilə bir sıra maddələrinə diqqət çəkərək, həmin normaların müasir hüquq sistemimizdə oynadığı əvəzolunmaz rolu və cəmiyyətdə doğurduğu mühüm təsirləri konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Sonda doktorant və gənç tədqiqatçıların Ümummilli lider Heydər Əliyevin gənclərə dövlət qayğısı və dəstək siyasəti, Azərbaycan Respublikasının Konstitusiyasında ərazi bütövlüyü və suverenlik məsələləri, Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin əsas prioritetləri kimi mövzular üzrə məruzələri dinlənildi və məruzəçilərə sertifikatlar təqdim edildi.